Tərəfdaşlıq müqaviləsi

ANLAYIŞLAR:

Şagird – SchoolPlus-a məxsus platformadan istifadə edərək tədris xidmətlərindən yararlanan 6-18 yaş aralığında olan şəxslər.

Tərəfdaş – Platforma vasitəsilə Şagirdlərə SchoolPlus-un tapşırığı əsasında müxtəlif sahələrdə tədris xidmətlərini həyata keçirən fiziki və/və ya hüquqi şəxs.

Platforma – Müstəsna hüquqlar əsasında SchoolPlus-a məxsus olan, Şagirdlərin Xidmətlərdən yararlanmaq üçün, Tərəfdaşın Xidmətlərin göstərilməsi üçün istifadə etdiyi www.schoolplus.io platforması.

Xidmətlər – Şagirdlərə elmin müxtəlif sahələrində (məs. Riyaziyyat, Azərbaycan dili, Kimya, Təbiət Elmləri və sairə) Tərəfdaşlar tərəfindən Platforma üzərindən keçirilən hər bir Dərs üzrə xidmətlərin məcmusu.

Proqram – Tərəfdaşın Xidmətlərin göstərilməsi zamanı Dərs(lər)-in keçirilməsini dəqiqləşdirən, tədris materiallarını, metodlarını və əlavə vəsaitləri özündə əks etdirən proqram.

Dərs –Tərəfdaşı ilə Şagirdin Platforma vasitəsilə elektron qaydada iştirak etdiyi 40 və ya 60 dəqiqəlik görüş.

 

1. TƏRƏFDAŞLIQ PREDMETİ

1.1. Tərəfdaş bu Sənəd əsasında müəyyən olunan Xidmətləri Platforma vasitəsilə SchoolPlus-ın tapşırığı əsasında Şagirdlərə göstərməyi, SchoolPlus isə öz növbəsində göstərilən Xidmətlərin əvəzi olaraq bu Sənəddə və/və ya onun Əlavələrində göstərilən Xidmət haqqını Tərəfdaşa ödəməyi öz öhdəsinə götürür.

 

2. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ

2.1. Tərəfdaşın öhdəlikləri:

2.1.1. Xidmətləri müvafiq keyfiyyətdə təmin etmək.

2.1.2. Şagirdləri Platforma üzərində qoşulmağa təşviq etmək və SchoolPlus-ın razılığı olmadan başqa platformalar vasitəsilə (ZOOM, Google Meet, Skype və s.) Xidmətləri göstərməmək.

2.1.3. SchoolPlus-ın əvvəlcədən hazırlanmış materialları və dərs planları yoxdursa, göstərilən Xidmətləri yüksək səviyyədə saxlayacaq effektiv tədris metodlarını və dərs planını, qüvvədə olan qanunvericiliyə uyğun qaydada və standartlara uyğun müstəqil şəkildə hazırlamağı öhdəsinə götürmək. SchoolPlus dərs planının hazırlanmasına sərf olunan və SchoolPlus Şagirdin inkişaf hesabatının doldurulmasına sərf olunan vaxta görə Tərəfdaşa kompensasiya vermir.

2.1.4. Şagirdlər dərslərə məsuliyyətsiz münasibət göstərdiyi halda və bu münasibət Xidmətlərin müvafiq keyfiyyətdə göstərilməsinə mane olduqda, belə halların baş verdiyi andan 5 (beş) iş günü müddətində elektron vasitələrlə SchoolPlus-a bu barədə məlumat göndərmək.

2.1.5. SchoolPlus platforması vasitəsilə hər dərsdən sonra Şagirdə yazılı hesabat göndərmək.

2.1.6. Şagird tərəfindən SchoolPlus platforması üzərindən göndərilən rəyləri oxumaq və lazım olarsa üzərində çalışmaq.

2.1.7. Tərəfdaş şagirdin dərsə daxil olmağa çalışdığını, lakin texniki problemlər yaşadığını görərsə, dərsin və ya texniki problemlərin yaşandığı ilk 5 dəqiqə ərzində SchoolPlus-a xəbər vermək.

2.1.8. Dərsin sonuna yalnız 60 saniyədən az müddət qaldıqda onlayn dərsi tərk etmək, 60 saniyədən çox dərsə gecikərsə SchoolPlus-a bu barədə qabaqcadan məlumat vermək.

2.1.9. Şagird əvvəlcədən xəbərdarlıq etmədən dərsə qoşulmazsa, onlayn dərsin əvvəlcədən razılaşdırılmış vaxtının ən az yarısı qədər Platformada gözləmək.

2.1.10. Xidmətinizin vaxtının dəyişdirilməsi və ya ləğvi barədə SchoolPlus-a telefon, WhatsApp və ya e-poçt vasitəsilə bildirin.

2.1.11. Peşəkar şəkildə və SchoolPlus-ın geyim formasına uyğun geyinməli, dərslərin təşkili sakit, yaxşı işıqlandırılmış məkanda və kompüter düz səthdə yerləşdirilməklə həyata keçirmək.

2.1.12. Xidmətləri icra etmək üçün SchoolPlus-ın təqdim etdiyi sistem vasitəsilə vebsayta özü haqqında məlumat və proqram təfərrüatlarını əlavə etmək.

2.1.13. Şagirdlərə hörmətlə yanaşmaq.

2.1.14. Şagirdlərlə ünsiyyət qurarkən aşağıdakı qaydalara əməl etmək:

2.1.14.1. Tərəfdaş xidmətlərdən sosial, irqi, milli və ya dini nifrətin təhrik edilməsi üçün istifadə etməmək,

2.1.14.2. Vətəndaşların sosial, irqi, milli, dini və ya linqvistik mənsubiyyət, xalqların tarixi, milli, dini və mədəni adət-ənənələri haqqında yalnış məlumatları ötürməmək.

2.1.15. Bu Tərəfdaşlıq ilə xidmətlərin icrasının xitamı nəzərdə tutularsa, xitam müddətindən ən az 1 (bir) ay əvvəl Şagirdlərin SchoolPlus-ın əməkdaşlıq etdiyi digər Tərəfdaşa yönləndirilməsinə dair ilkin məlumatlandırma etmək.

2.1.16. Əgər Şagird Dərsi buraxıbsa və Şagirdin təqsiri üzündən buraxılmış Dərsin vaxtının dəyişdirilməsini və ya əvəz edilməsini xahiş və ya tələb edirsə, SchoolPlus-a əvvəlcədən məlumat verərək təsdiq almaq.

2.1.17. Xidmətlə bağlı sualları və mesajları SchoolPlus-dan aldıqdan sonra 24 saat ərzində cavablandırmaq. Cavablar “hr@schoolplus.io” e-poçt, WhatsApp və ya telefon zəngi vasitəsilə SchoolPlus-a göndərilməlidir.

2.2. Tərəfdaşın hüquqları:

2.2.1. Ödənişdən heç bir tutulma olmadan dərsin başlamasına ən azı 6 (altı) saat əvvəl dərsi ləğv etmək və ya təxirə salmaq.

2.2.2. Ağır xəstəlik (qrip, mədə virusu və əmək qabiliyyətinə mühüm təsir edən digər xəstəliklər), fövqəladə hallar, təbii fəlakətlər, idarəolunmaz hallar (elektrik enerjisinin kəsilməsi, internetin kəsilməsi), ailə üzvünün ölümü və ya anadan olması, və ya hamiləliklə bağlı hər hansı fəsadlar kimi səbəblərə görə Tərəfdaş dərsləri 2.2.1-ci maddəsində müəyyən olunan vaxtdan daha az müddət ərzində ləğv edə və/və ya təxirə salmaq. Şagird bu cür fövqəladə hallar səbəbilə ləğvlərdən və ya dərsin tez-tez təxirə salınmasından narazılığını ifadə edərsə, SchoolPlus Tərəfdaşla əməkdaşlığını dayandıra bilər.

2.2.3. Yalnız məktəbin razılığı ilə təqdim olunan xidmətlər haqqında video, fotoşəkil və məlumatları qeyd etmək və yaymaq.

2.2.4. Göstərilən Xidmətlərin dəyərinin vaxtında və tam ödənilməsini tələb etmək.

2.3. SchoolPlus-ın öhdəlikləri:

2.3.1. 4.1-ci bənddə göstərilən xidmət haqqını vaxtında ödəmək.

2.3.2. Tərəfdaş tərəfindən müvafiq keyfiyyətli Xidmətlərin göstərilməsi üçün lazımi imkanlar yaratmaq.

2.4. SchoolPlus-ın hüquqları:

2.4.1. Tərəfdaş tərəfindən həyata keçirilən xidmətlərin keyfiyyətini aşağıdakı üsul və vasitələrlə yoxlamaq:

2.4.1.1. Əvvəlcədən xəbərdarlıq etmədən dərslərə qoşulmaqla;

2.4.1.2. Dərslərin video çəkilişlərini tələb etməklə;

2.4.1.3. Şagirdlər və onların valideynlərindən rəy toplamaqla;

2.4.1.4. Şagirdlərin aylıq inkişaf hesabatlarına nəzarət etməklə.

2.4.2. Tərəfdaş əvvəlcədən xəbərdarlıq etmədən dərsdə iştirak etməzsə və ya müvafiq tədris ayında 2 günü ləğv edə və ya dəyişərsə, ilk dəfə şifahi və ya yazılı xəbərdarlıq etməklə müvafiq dərsin 100% dəyər məbləğini Tərəfdaşdan tutmaq və Şagirdə hədiyyə etmək. İkinci dəfə isə tərəfdaşlığı dayandıra, Tərəfdaşlığa birtərəfli qaydada xitam vermək. Bu maddəyə istisnalar ağır xəstəlik (qrip, mədə virusu və əmək qabiliyyətinə mühim təsir edən digər xəstəliklər), fövqəladə hallar, təbii fəlakətlər, idarəolunmaz hallar (elektrik və ya internet kəsilməsi), ailə üzvünün ölümü, uşağın doğulması və ya hamiləliklə bağlı hər hansı bir fəsadlar daxildir. Şagird bu cür fövqəladə hallardan və ləğvlərdən narazılığını ifadə edərsə, SchoolPlus Tərəfdaşla əməkdaşlığını dayandıra bilər.

2.4.3. SchoolPlus, Şagirdə vəd edilən vaxtdan daha qısa vaxta keçirilən dərslər üçün, ödənişləri dərsdə iştirak saatına mütənasib olaraq azaltmaq və ya dərsi keçirimiş kimi hesablamamaq.

2.4.4. Tərəfdaş tərəfindən təqdim edilməyən hesabatların ümumi sayı ardıcıl olaraq üçdən çox olarsa və ya hesabatda yalnış məlumat paylaşılarsa, 10 AZN dəyərində cərimə etmək.

2.4.5. Tərəfdaş aşağı səviyyədə xidmət göstərərək və ya hər hansı peşəkar etik qaydaları pozaraq məktəbin reputasiyasına zərər verərsə 50 AZN cərimə etmək və Tərəfdaşlığa birtərəfli qaydada xitam vermək.

2.4.6. Xidmətlərin keyfiyyəti və ya Xidmətlərlə bağlı sualları Tərəfdaşın e-poçt ünvanına göndərmək və Tərəfdaş tərəfindən vaxtında, əsaslı və ətraflı cavablar almaq.

 

3. HƏR İKİ TƏRƏFİN DİGƏR ÖHDƏLİKLƏRİ

3.1. Tərəfdaş Şagirdlər ilə şəxsi əlaqə yaratmamalı və əlaqə məlumatlarını onlarla (e-poçt ünvanı, telefon nömrəsi daxil olmaqla) paylaşmamaq.

3.2. Tərəfdaş şagirdlər üçün özəl, SchoolPlus-a məlumat vermədən əlavə dərslər təşkil etməməlidir.

3.3. Tərəfdaş şəxsi məlumatlarını məxfi saxlamalıdır. Bu məlumatlara ödəniş şərtləri haqqında məlumatlar daxildir. Bu müddəaların pozulduğu halda SchoolPlus uyğun olaraq Tərəfdaş ilə bu Tərəfdaşlığa birtərəfli qaydada xitam vermək hüququnu özündə saxlayır.

3.4. Tərəfdaş tərəfindən dərsin başlamasına ən çox 6 saat və ən az 2 saat qabaqcadan ləğv edərsə, müvafiq dərs üçün müvafiq tədris ayında Tərəfdaşın 50%-i xidmət haqqından tutulur. Tərəfdaş tərəfindən dərsin başlamasına ən çox 2 saat qabaqcadan ləğv edərsə, müvafiq dərs üçün müvafiq tədris ayında Tərəfdaşın 100%-i xidmət haqqından tutulur. Fors-major və ya şəraitin dəyişməsi halları ilə bağlı, həmin halların baş verdiyi gündən 7 (yeddi) gün ərzində Tərəfdaş SchoolPlusə tutulmalara dair əlavə əsaslandırıcı məlumat vermək hüququna malikdir. SchoolPlus bu kimi hallarda müstəqil qaydada tutulmanın geri qaytarılması barədə qərar verə bilər.

3.5. SchoolPlus Tərəfdaşa məxsus materialları, o cümlədən dərs planlarını və tədris materiallarını yaymamalı və paylaşmamalıdır.

3.6. Şagirdlərin görüntülərinin əks olunduğu hər hansı paylaşımla əlaqədar Tərəfdaş həmin şagirdin valideynindən razılıq almalıdır. Razılığın alınmamasına və belə paylaşımın edilməsinə dair SchoolPlus heç bir məsuliyyət daşımır və Tərəfdaş belə iddialara qarşı SchoolPlus-ı qorumağı öz üzərinə götürür.

3.7. Tərəfdaş sosial media platformalarında SchoolPlus ilə əlaqədar fəaliyyəti ilə bağlı paylaşım edərkən SchoolPlus-ın adını və məlumatlarını qeyd etməli, o cümlədən SchoolPlus ilə tərəfdaşlığı bitdikdən sonra da SchoolPlus haqqında qeydləri silməməlidir.

3.8. Tərəfdaş qəbul edir ki, SchoolPlus Şagirdlərin davranışına heç bir nəzarət etmir, lakin bununla bağlı hər hansı bir problemin həlli üçün tərəfdaşlığa hazırdır.

3.9. Şagird dərsə qoşulmazsa, lakin dərs zamanı xəbərdarlıq edərsə, Tərəfdaş onlayn dərsi tərk edə bilər. Bu halda Tərəfdaş müvafiq dərs üçün xidmət haqqı məbləğinin 100% dəyərində kompensasiya alır.

3.10. Qeydiyyat üçün Tərəfdaşdan ad və soyad, aktiv elektron poçt ünvanı, telefon nömrəsi; unikal parol yaratmaq; iş təcrübəsi, tədris dil(lər)i və Xidmət göstərmək istədiyi Şagirdlərin yaş aralığı tələb olunur. Həmçinin Tərəfdaş SchoolPlus ilə tanışlıq videosunu, sahib olduğu hər hansı bir sertifikat və diplomları, və aylıq ödənişin ediləcəyi bank məlumatlarını təqdim etmək.

3.11. Tərəfdaş təqdim etdiyi məlumatları hər zaman aktual saxlamağa cavabdehdir.

3.12. Tərəfdaş Xidmətləri təmin etmək üçün lazım olan avadanlıq və ləvazimatlara, o cümlədən şirkətin təhsil platformaları ilə işləmək üçün cihaza və lazımı proqram təminatına, sabit internet bağlantısına, həmçinin qulaqlıqlara və mikrofona malik olmalıdır.

3.13. Tərəfdaş tərəfindən Dərs tarixi müvafiq qaydada əvvəlcədən məlumat verilərək dəyişdirildikdən sonra Şagird Dərsin tarixini unudarsa və Dərsə qoşulmazsa, həm Tərəfdaş həmin Dərs üçün xidmət haqqı almayacaq, həm də SchoolPlus həmin dərs üçün xidmət haqqı hesablamayacaqdır.

3.14. Bu Tərəfdaşlığın 3.1.12.-cü maddəsində nəzərdən tutulan minimum texniki tələblər:

  • Əməliyyat sistemi: Windows 7/8/8.1/10, Mac OS X 10.10.10, 10.11;
  • Avtomatik yeniləmə və ən son stabil istifadəçi versiyası ilə quraşdırılmış Google Chrome, Mozilla və ya Yandex brauzerləri;
  • RAM: 2 GB və daha yüksək, prosessor: 1,8 GHz və daha yüksək, 2-x nüvəli prosessor;
  • 5 Mbps-dən başlayan internet bağlantısı.

3.15. Tərəfdaşa portativ cihazlardan, o cümlədən planşetlərdən və ya mobil telefonlardan Xidmətləri təmin etmək üçün istifadə etməsinə icazə verilmir.

3.16. Tərəfdaş üçüncü tərəfin təhsil müəssisələrini, platformalarını, proqram təminatını və ya tətbiqlərini SchoolPlus-ın Şagirdərinə reklam etmək hüququna malik deyil.

3.17. Tərəfdaş SchoolPlus-ın əvvəlcədən yazılı razılığı olmadan SchoolPlus tərəfindən ödənilən hər hansı bir platformanı və ya materialı SchoolPlus-a aid olmayan məqsədlər üçün istifadə edə bilməz.

3.18. Şagird tərəfindən edilən dərs ləğvləri:

3.18.1. Tərəfdaş təsdiq edir ki, Şagirdin dərsin başlamasına ən azı 4 saat qalmış dərsi ödənişsiz ləğv etmək hüququ var.

3.18.2. Şagird tərəfindən qısa bildirişlə (4 saatdan az vaxt ərzində) dərs ləğv edildikdə, dərs keçirilmiş hesab edilir və Tərəfdaş həmin dərsə görə xidmət haqqı məbləğinin 100% dəyərində kompensasiya alır. Şagird ağır xəstəlik, fövqəladə hallar, təbii fəlakətlər, idarəolunmaz hallar (elektrik enerjisinin kəsilməsi, internet kəsilməsi) və ya ailə üzvünün ölümü kimi fors-major səbəblərə görə dərs ləğv etdikdə, Dərs başqa vaxta keçiriləcəkdir.

 

4. ÖDƏNİŞ ŞƏRTLƏRİ

4.1. Xidmətlərin SchoolPlus-ı tam qane edəcək səviyyədə yerinə yetirilməsinin əvəzində SchoolPlus müvafiq tədris ayı ərzində bütün keçirilən Dərslər üçün iki tərəf arasında razılaşdırıldığı kimi Tərəfdaşa ümumi saatlıq haqqı ödəyəcək. Tərəflər arasında əlavə razılaşma yoxdursa, ödənişlər bütün saatlar hesablanılmaqla ay ərzində 1 (bir) dəfə icra edilir.

4.2. SchoolPlus Tərəfdaşın vergi və başqa dövlət rüsumlarının ödənişinə görə məsuliyyət daşımır.

4.3. SchoolPlus-ın, Tərəfdaşın ona vurduğu zərərlə bağlı və ya digər əsaslarla əlaqədar yaranmış istənilən xərci, məsrəfi, ödənişi və digər maddi tələbləri qabaqcadan ona məlumat verməklə Tərəfdaşa ödənilməli olan istənilən məbləğdən çıxmaq yolu ilə əvəzləşdirmək hüququ var.

4.4. SchoolPlus bu sənədin 4.1-ci bəndində göstərilən məbləği hər növbəti ayın 7 (yeddi) günü ərzində Tərəfdaşın təqdim etdiyi hesaba köçürəcək.

 

5. FORS MAJOR

5.1.Tərəflər onlar üçün gözlənilməz olan qarşısıalınmaz qüvvənin təsiri (bundan sonra “Fors Major”) nəticəsində öhdəlikləri icra edilməməsinə görə məsuliyyət daşımırlar.

 

6. TƏRƏFDAŞLIĞIN MÜDDƏTİ VƏ DƏYANDIRILMASI

6.1. Bu şərtlər və qaydalar Tərəfdaşın saytda qeydiyyatdan keçdiyi gündən etibarən hüquqi qüvvəyə minir və müddətsiz qüvvəsini saxlayır.

6.2. SchoolPlus təktərəfli qaydada və hər hansı səbəb göstərmədən Tərəfdaşı yazılı surətdə 7 (yeddi) gün qabaqcadan məlumatlandıraraq tərəfdaşlığı dəyandırmaq hüququna malikdir. Tərəfdaşın qalıq ödənişi Tərəfdaşlığın xitam verildikdən 7 (yeddi) gün ərzində ödəniləcəkdir.

6.3. Tərəfdaş SchoolPlus-ı 30 (otuz) gün əvvəl xəbərdar etməklə tərəfdaşlıq üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmək hüququna malikdir.

 

7. YEKUN MÜDDƏALAR

7.1. Tərəflər nəzərdə tutulmuş hüquq və öhdəlikləri digər tərəfin yazılı razılığı olmadan üçüncü şəxslərə verə bilməzlər.

7.2. Bu Sənəd mülki-hüquqi səciyyə daşıyır və əmək münasibətləri və ya subordinasiya (müdir-tabe) münasibətlərini yaratmır və Tərəflərin hər biri öz hərəkətləri və fikirlərində müstəqil olaraq qalır.